Mütləqim, Müqəddəsim, Peyğəmbərim İnam Ataya Ali Səcdəylə!
İNAMA İNANMAYAN “İNAMÇI”LAR
(Haray)
Mən onların işlərinə görə içlərinə güzəşt eləyirdim, çünki Asif Atadan qalan İrs həm “Türkün (ilk) Ruhaniyyat” Ocağıdır, həm də “Mütləqə İnam İnsanlaşmaq” Ocağı. Burada İş –Türkün xidmətçisidir - ən yaxşı halda yarım həqiqətdir; İç – insanın xidmətçisi və bütöv həqiqətdir.
***
Onları Safruhun yalqızlığı qane etmir, yoxluğu - edərdi.
***
Onda susasaydım, indi susmalıydım; indi susasam, sonra susmalı olaram. Səsli olmaq istəyirəm.
***
Safruhu “Əbədi Ağlayan Daş” kimi də təsvir eləmək olar.
***
Bu dünya mənim üçün ağlamaq meydanıdır – yaxşısına da ağlayıram, pisinə də.
***
Balacalara ümidli oluram – onların böyüyəcəklərini düşünürəm; vaxt gəlir, zaman keçir, onlarsa böyümək əvəzinə, yekəlirlər.
***
Balaca böyüdükcə insan olur, yekəldikcə adam-heyvan mələzi.
***
“Yekə adam”lar balacaların insan böyümələri üçün mühit ola, oluşdura bilmirləır.
***
Meyarların dəyişilməsi – gözləniləndir – nə qədər gözlənilməz olur-olsun; meyarların dəyişilməsi ilə ləğvi isə ayrı-ayrı nəsnələrdir.
***
“Nəzarətçidən” qaçan - əxlaqsızlıq azadlığı istəyir.
***
Günün hər saatında, ayın hər günündə, Yer üzünün hər qarışında adamın çirkinlik eləmək imkanı var.
***
Sanki bilmək üçün öyrənmirlər insanı: öyrənirlər cikinə-bikinə qədər, ancaq bilmirlər – bilməkdə “maraqlı” olmadıqda.
***
Ruhun budu, baldırı yoxdur ki, əlləşdirəsən, cibi yoxdur ki, girəsən – daha o, sənin nəyinə gərək?
***
İnsanın Heyvana (Ruhun Zora) dediyi: İstənilən Aslanın quyruğunu dibindən kəsərəm – dalı həmişə açıq qalar!
***
Önləyici qaralama ustası...
***
Qayadan qopanda Qəlpə olmuşdu, Qayaya çırpılanda Şəlpə oldu.
***
Şüardan gerçəyə doğru bir zəncirləmə - Safruha yönəlik: “Ataya Doğru” – “İnama Doğru” - “Haraylar” – “Aldanışlar və Göynərtilər”.
***
“Safruh” adı da şüarmış; “Elman” adı yaxşıya, pisə iddia etmədiyi üçün normalmış...
***
Mən Uluruhla fərəhlənirəm, bir başqası da özünü mənim fərəhimə ortaq sanır – bəraətlənir sanki...
***
Sərv ağacı dünyada yer tutduğuna görə utanır sanki – öz tükünə bürünüb, Göyə dartınır.
***
Şirnikib gedirlər, çirkləndirib – çirklənib dönürlər – qadın ardınca. Qadınsa – insandır, onun cazibəsi - şirnikdirmə üçün deyil, tale ortağı axtarışı üçündür.
***
Aramızdakı boy fərqi günbəgün artır: mən ucalmıram, siz alçalırsınız.
***
...Qalıram insanla heyvan arasında...
***
Əxlaqsızlığın ayıb sayıldığı iki yer var: 1) kutsal kitablar, 2) onun son ucu.
***
Bir qurana on qıran düşür; yazıq quran neyləsin?! Saatlarda da bu nisbət belədir, günlərdə də, aylarda da, illərdə də... Yazıq quran neyləsin?!
***
Mənim İnam Atanı oxumağım Asif Atanın Ocağına ziyan verirdi.
***
Mənəviyyatın yanından mənəviyyatsızlığın yanına qaçanlar, içinizi damğa kimi alnınızın ortasına vurmaq mənə borc olsun!
***
Heyvanatın qatırından fərqli olaraq, “ruhaniyyat” qatırları doğub-törəyirlər, ancaq həm də, elə onlar kimi, çox işlək olurlar; işlək və sürçək...
***
Gözəlliyi ağlı başdan alan qız-qadın var, özü boyda çamur tuluğudur.
***
Safruh Asif Atanın Ocağında anaxronizmdir; burada anaxronizm olmayanlar getdilər onun haqqında kitab yazmağa.
***
Əslində məni sevənlər də mənim sevdiyimi sevmirlər; sevgi ortağım yoxdur əslində.
***
Mən sizin işgüzarlığınızı öldürdüm, siz mənim insana inamımı öldürdünüz.
***
Onlar İnama (öz dilləri ilə desəm: Asfataya) inanmırdılar.
***
İnama inanmayan “İnamçı”lar – Freydə inanan Staxanovçular – şəhvətə yenilmələrini zərbəçi əməklə ağartmağa çalışdılar – alınmadı – qaçdılar.
***
İnam: “Minimal əmək” deyir, Staxanov: “Bir beşilllikdə iki beşillik” deyirdi.
***
İnam həm də deyir: “Ocağımızın odu sönməzdir!”
***
Atamız var olsun!
Qürub – Sərt ayları, 31-il. İnam Evi.
*** *** ***
MƏNCƏ
(İçsəs)
Sən demə, gəlişmə gərəkliyə görə deyilmiş, öz-özünə gedirmiş... Onda insan doğadışı buraxılmalıdır?
***
Gərəklik – yalnız insana görədir – ya birbaşa, ya dolaysıyla. Ancaq bilginlər o biri (canlı-cansız) aləmdə də onun (gəlişmə gərəkliyinin) “işartılarını” “görürlər”.
***
İnsan özü öz qayğısına qalmalı, gərəkəni yaratmalı və qorumalıdır.
***
Allah insanın vəkiliydi, adam-heyvan mələzləri Onu ləğv eləyiblər; insan Onu bərpa etməlidir.
***
Elm nüvə bombasız da bəşəri məhv edə bilər: çaşdırmaqla və onu təbiətin “ayrılmaz tərkib hissəsi” elan etməklə.
***
Elmin Dinə qarşı mübarizəsinin gərəkliyi başa çatıb. Din isə daim İnsan Uğrunda çalışmalıdır.
***
Din İnama gələndə imana gələcək.
***
Qadına elm gəlməsi, sənət gəlməsi, ictimai fəaliyyət gəlməsi - anlaşılmazdır, “anaxronizmdir” – qadına analıq gəlməməsi kimi.
***
Qadın sosial-ruhani varlıqdır; o, təbiət hadisəsi deyil; təbiət hadisəsi kimi o, dişi fərddir, qadın deyil.
***
Qadın sosial olub, ruhani olmayanda da qadınlığını itirir, təbiət hadisəsi olanda da.
***
“Filankəsi öyrənmək” hələ “filankəsdən öyrənmək” deyil.
***
Ey Ev! Gözünü küçəyə dikmə - içinə çevir, özünü öyrən, özünü bil, özünlə dol, özünlə yaşa!
***
Ey Ev! Həlməşik olma, duru ol!
***
İbrahim Allahın inamını qazanmaq üçün niyə oğlunu qurban verirdi, özünü yox?
***
Dinləyici çoxdan çıxıb gedib, Muğam Xan isə hələ də oxuyur.
***
Dünya necə əlvan, necə zəngindir! Yaşadır adamı... Ancaq həm də yorur adamı. Dünyanın hər nəyi var – özünə, içinə yığmaq istəyir insan -yığa bilmir; yarımçıqlıqdan qaçıb dolu olmaq istəyir, onda da tutumu çatmır – bədbəxt olur; geri çəkilmək, “təbii” olmaq, təbiət olmaq istəyir. Burada da onun duracağı yer yoxdur... O, nə olacaq: quşmu? balıqmı? bitkimi? Qartal, qızılbalıq, çiyələk, çinar, sərv, cökə... Hamısı bir yerdə onunçün az olduğu halda o, bunların hər hansı birinə qədər geri çəkilməklə təsəlli bula, xoşbəxt ola bilməz. Deməli, geriyə yol yoxdur, yol yalnız irəliyədir. İrəliyə də yox, yuxarıya – Göyə... Yəni insan bütöv olmasa, aram tapmayacaq... Yəni Allah olmasa...
***
Dostum Gecə, nə sehrlimsən, nə aydınlımsan! Simsarımsan, dostum Gecə!..
***
Gecəni sevməyən ağıl ağarmaz, ürək ağgünlü olmaz.
***
Küləyin də adı var – səmti onun adıdır; adı onun Yurdu, Ulusudur...
***